Azərbaycan İstiqlal Muzeyi 1991-ci ildə yaradılıb. Muzeyin yaranmasında əsas məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və öz istiqlalı uğrunda apardığı mübarizəni ardıcıl olaraq əks etdirməkdir. Muzeydə 22000-dən artıq eksponat qorunub saxlanılır. Muzey 6 zaldan ibarətdir.
Azərbaycan Respublikasının Dövlət atributlarına, XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə aid materiallar I zalda yer alıb. Habelə ekspozisiyada 1918-ci ildə ölkəmizdə törədilən Mart soyqırımını, Azərbaycan Xalq Cümhuriyyətini tədqiq edən sənədlərin nümunələri, o dövrdə buraxılan poçt markaları, pul əskinazları nümayiş olunur.
Muzeyin digər zallarında XX əsrin I yarısında Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatları, 1920-1950-ci illərdə törədilmiş repressiyalar, 1941-1945-ci illərdə azərbaycanlıların İkinci Dünya Müharibəsində iştirakı və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ vilayətinə ərazi iddiası ilə apardığı müharibə, ümumilikdə erməni terrorizmi barədə faktlar göstərilir. Muzeyin ekspozisiyasında XX əsrin sonunda Azərbaycan tarixinin səhifələrinə yazılmış 20 Yanvar, Xocalı faciəsi kimi dəhşətli hadisələr də öz əksini tapıb. Muzeyimizin VI zalı müasir dövrümüzə həsr olunub. Bu dövrdə Azərbaycanın iqtisadiyyatında, xarici siyasətində, ordu quruculuğunda, mədəniyyətində, idmanında inkişaf qeyd olunur. VI zalda müstəqil Azərbaycanın qurucusu – Heydər Əliyevin, Prezident İlham Əliyevin həyat və fəaliyyətləri əks olunub. Xüsusilə Azərbaycanın mədəni həyatında Heydər Əliyev Fondunun rolu qeyd olunur.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazimizin tutulmuş 20%-də yerləşən 22 muzey dağıdılıb, nadir eksponatlar itirilib. Cəbrayıl tarix-diyarşünaslıq muzeyinin 18000 eksponatı muzeydə saxlanılır, onların bir qismi ekspozisiyada nümayiş olunur.